26 fevral 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Xocalı Soyqırımının 27-ci il dönümü ilə bağlı tədbir keçirilmişdir.



26 fevral 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Xocalı Soyqırımının 27-ci il dönümü ilə bağlı tədbir keçirilmişdir.

İlk öncə Xocalı Soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə institutun direktoru dos. Mahir Hacıyev açdı. Mahir Hacıyev 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etməsi və törədilən qanlı faciə barədə danışdı. Daha sonra institutun elmi işlər üzrə direktor müavini dos. Fizuli Mirzəyev çıxış edərək həmin qanlı gecənin qurbanlarından, erməni vəhşiliyindən söz açdı. Sonra söz institutun "Həmkarlar İttifaqı Komitəsi"-nin sədri dos. Namiq Həsənova verildi. Namiq Həsənov Xocalıda dinc əhaliyə qarşı törədilən amansızlıqdan, ermənilərin bütün beynəlxalq hüquq qaydalarını, hərbi qaydaları kobudcasına pozduğundan danışdı.




Sonra institutun elmi katibi dos. Samir Mahmudov çıxış etdi. O da öz növbəsində Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmasından, az bir vaxt ərzində şəhərdə yanğının törədilməsindən, şəhərin yerli əhalisinin buranı tərk etməyə məcbur olmalarından danışdı. Sonda erməni təcavüzkarlığına məruz qalmış, şəhid ailəsinin nümayəndəsi Gülağa Cabbarov çıxış etdi. O bildirdi ki, 26 fevral bizim qan yaddaşımızdır. Biz həmin tarixdə bizə qarı törədilən soyqırımı heç vaxt unutmamalı və bunu bütün dünyaya, eləcə də gələcək nəsillərə çatdırmalıyıq. İclasın sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə NN Film komandası tərəfindən çəkilmiş Natiq Novruzovun rejissorluq etdiyi "Xüsusi təyinatlı İbad - 1" filmi nümayiş olunmuşdur.