Azərbaycan Dövlət Aqrar Universitetində Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib.



Azərbaycan Dövlət Aqrar Universitetində Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib. ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi dəstək, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib. İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərildiyini, müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.













Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.

Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aqrar sahənin sürətli inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı aqrar siyasətin ilbəil daha böyük uğurlarla yadda qalmasından söz açıb. Məzunlara uğur arzulayan icra başçısı vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsili ilə bağlıdır.













Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu da Azərbaycan Dövlət Aqrar Universitetinin təşkil etdiyi "Məzun 2019" yarmarkasında iştirak edərək öz imkanlarını sərgiləyib. Yarmarkada tələbə və məzunlara institut tərəfindən vakant iş yerləri təklif edilib. Gənclər təklif edilən iş yerləri ilə maraqlanaraq müvafiq sənədləri təqdim ediblər.