Cocuq Mərcanlıda Aqrar elm günü keçirilib.


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaz-tarla işlərinin başlaması ilə əlaqədar Aqrar elm günü keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində elmi tədqiqat institutlarının əməkdaşları, Füzuli Dövlət Aqrar İnformasiya Mərkəzinin nümayəndələri və Cocuq Mərcanlı sakinləri iştirak ediblər.






Əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbinə gələn qonaqlar sinif otaqlarını, fənn kabinetlərini gəzib, şagirdlərdə aqrar sahəyə maraq oyatmaq məqsədilə söhbət aparıblar. Məktəbə kənd təsərrüfatına aid kitablar və metodiki vəsaitlər hədiyyə olunub.

Alim və mütəxəssislər sonra kənddəki istixana və arıxanalara baxış keçirib, kənd sakinlərinə yaz-qulluq işləri və arıçılıqla bağlı məsləhətlər veriblər. Görüş zamanı kənd sakinlərinin fikirləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti dövlət qurumlarına yönəldilməsi üçün qeydiyyata alınıb.






Sakinlərin mineral gübrələr, torpaqların aqrokimyəvi analizi, taxıl sortları, kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə bağlı sualları cavablandırılıb. Diqqətə çatdırılıb ki, yaxın günlərdə kəndin əkin sahəsində mütərəqqi metod əsasında çiyid səpini həyata keçiriləcək.