Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşlığı genişlənir.



Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən nəzərdə tutulmuş əməkdaşlıq çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yemlərin texnologiyası və zootexniki qiymətləndərilməsi laboratoriyasının aparıcı elmi işçisi, a.e.f.d. Abdülrəhman Adıgözəlov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda səfərdə olmuşdur. Səfər çərçivəsində HETİ-də aparılan elmi-tədqiqat işləri ilə bağlı qonağa geniş məlumatlar verilmiş, tədqiqat obyektləri ilə bağlı əyani tanışlıq həyata keçirilmiş, müxtəlif ənənəvi və alternativ yem bitkilərinin keyfiyyət göstəricilərinin, ümumi qidalılıq dəyərinin tədqiq olunması, emalı, rəqabətqabiliyyətli və resursqoruyucu texnologiyaların işlənməsi, yem rasionlarının hazırlanması və tətbiqi, yemlərin səmərəli istifadəsi ətrafında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.







Heyvandarlığın bütün sahələrinin inkişaf etdirilməsinin əsas şərtlərindən biri möhkəm və tam dəyərli yem bazasının yaradılmasıdır. Yem – bitkiçilik, heyvandarlıq və sənaye arasında rabitə yaradan bir həlqədir. Heyvandarlığın gələcək inkişafı onun sənaye ilə istehsalat əlaqələrinin genişləndirilməsini və təkmilləşdirilməsini tələb edir.

Heyvandarlıq məhsullarının keyfiyyət və kəmiyyətinə, onların sağlamlığına, cavanların düzgün boy və inkişafına təsir edən amillərdən ən başlıcası yem və heyvanların bioloji-təsərrüfat xüsusiyyətlərinə uyğun yemlənmələridir.

HETİ-da keçirilmiş görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına uyğun olaraq, yem bitkiləri istiqamətində müxtəlif mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin və layihələrin yerinə yetirilməsi, bu barədə konkret təkliflərin hazırlanması qərara alınmışdır.