Yem mənbələrinin yaradılması intensiv arıçılığı stimullaçdıracaq.



Son illər ölkəmizdə heyvandarlığın əsas sahələrindən biri kimi arıçılıq xeyli inkişaf edib və bu sahədə fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması sahəsində mühüm addımlar atılıb. Rəsmi göstəricilərə əsasən, hazırda respublikada təxminən 3 min fermer 400 minə yaxın arı ailəsinə qulluq göstərir. Bu sahəyə dövlət dəstəyi tədbirləri ilə yanaşı, arıçılığa elmi-texniki dəstəyin göstərilməsi son dərəcə vacibdir. Arıçılıqda damazlıq-seleksiya işinin təşkili, arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması, xəstəliklərlə mübarizə, baltutar yem mənbələrinin yaradılması kimi mühüm amillər ölkədə intensiv arıçılığın formalaşdırılması üçün qarşıda duran hədəflərdir.

Bu baxımdan arıçılıq sahəsində elmi informasiya təminatının həyata keçirilməsi məqsədi ilə Aqrar Elm və İnnovasiya Mərkəzi, Heyvan­darlıq Elmi-Tədqiqat İnsti­tu­tunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyət göstərdiyi dörd il ərzində BMT-nin Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə arıçılıqda süni mayalandırma tex­no­logiyasının tətbiqi təcrübəsini öyrənib, təmizqanlı Bozdağ Qafqaz arı cinsinin genetik ehtiyatını yaradıb, 200 arı ailəsindən ibarət genefond arıxana qurub, respublikamızda ilk dəfə olaraq türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı mayalandırılaraq genefonda daxil edilib. Gələcəkdə bu arıların çoxaldılaraq fermer təsərrüfatlarında yayılması üzərində elmi təcrübələr aparılır. Mərkəz daxilində arıçılıq məhsullarının tədarükü və analizi labo­ra­to­ri­yaları təşkil olunub, “Eksperimental-istehsalat Faxralı təcrübə şöbəsi” daxilində avadanlıqlarla təchiz edilib, toz və nektar verən ağac, kol, ot bitkilərindən ibarət balverən özül bağ sahəsi salınıb.




Mərkəzin rəisi, professor Allahverdi Seyidov bildirib ki, ölkəmizin ərazisində tarixən qonur və boz rəngli arılar məs­kən salıb. Bu arılar dağ və dağətəyi bölgələrdə yayıl­maqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçək­lə­rinin dərin qönçələrindən nektar şirəsini topla­maq­la qidalanıb. Onlarda min illər ərzində bitkilərin xüsusiyyət­lərinə xas olan uzun xortumluluq və eyni zamanda çiçəklər arasında seçim etmə­mək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas sə­ciy­yəvi xüsusiyyətlərdəndir. Arıçılığın qədim ocaqları Gəncə-Qazax, Qu­ba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin böl­gə­lərin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi var. Lakin qlobal iqlim dəyişmələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində arıçılıq üçün münbit ərazilərimizin işğal olunması kimi faktlar bizi intensiv arıçılıq metodlarına keçməyə vadar edir.

“Arıçılıqda məhsuldarlığın yüksəldilməsində əsas yollardan biri yem bazasının yaradılmasıdır. Artıq köçəri arıçılıqla yem təminatını həyata keçirmək mümkün deyil. Elm mərkəzi olaraq təklif edirik ki, arını yemin yanına aparmaq yox, yem bazasını arıxananın yaxınlığında yaratmaq lazımdır. Bunun üçün hər bir arıçı balverən ağac və kolların əkinini həyata keçirməlidir. Fermerlərə tövsiyə kimi Türkiyədən gətirilən və mərkəzimizin 1,5 hektarlıq ərazisində əkilərək çoxaldılmış lavanda və rozmarin bitkisini təklif edirik. Bunlar bütün dünyada arı üçün qiymətli, baltutar kol bitkisi sayılır. Hazırda mərkəzin nümayiş sahəsində 50-dən artıq ağac və kol bitkisini yetişdirərək arıçı fermerlərimizə nümayiş etdiririk”, - deyə Allahverdi Seyidov vurğulayıb.

Qeyd edək ki, arıçılıq üçün qiymətli yem bitkisi olan lavanda və rozmarin həm də kənd turizminin qurulması üçün əhəmiyyətli bitki sayılır. Bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı, şirəli bitkilər qardaş Türkiyə və Avropa ölkələrinin əksəriyyətində plantasiyalar şəklində çoxaldılaraq minlərlə turisti özünə cəlb edir. Bu bitkilərdən alınan efir yağı, çay, toz və digər məhsullar milyonlarla xarici valyuta qazandırır. Lavanda, rozmarin yağı və onlardan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat-kosmetika, qida və əczaçılıq sənayesində, tibbdə və məişətdə geniş istifadə edilir. Eyni zamanda, bu bitkilər torpaqların münbitliyinin qorunması üçün qiymətlidir, ərazilərdə gedən eroziya əleyhinə bitki kimi əkilərək çoxaldılır.

Allahverdi Seyidov qeyd edib ki, bu bitkilərin ən mühüm üstünlükləri aqrotexniki qulluğa tələbkar olmaması ilə bağlıdır: “Bunlar 30 illik bitkilərdir, aqrotexniki qulluq tələb etmir, ən çətin torpaqlarda yetişir, suya təlabatı yoxdur, torpağı münbitləşdirir. Nəzərə alsaq ki, Azərbaycan münbit torpaq ehtiyatı baxımından kasıb ölkələr sırasındadır, onda bu bitkilərin əhəmiyyəti daha da artır. Gələcəkdə bu bitkiləri çoxaldaraq bölgələrdə, arıçılığın inkişaf etdiyi rayonlarımızda yaymağı planlaşdırırıq. Fermerlərimiz istidikləri vaxt sahə nümayişinə gələrək bizim elmi təcrübələrimizlə yaxından tanış ola bilərlər. Bundan əlavə, arıçılarımıza məsləhət görürük ki, arıxanaların yaxınlığında nektar verən raps, biyan kolları, akasiya, innab, çökə, iydə, ərik ağacları da əkərək yem bazası yaratsınlar. Gələcəkdə Azərbaycanın Boz Qafqaz arılarını artırmaqla lavanda, biyan, rozmarindən alınmış ballarımızı rahatlıqla dünya bazarına çıxara bilərik”.

Arıçılıq Mərkəzinin gələcək elmi fəaliyyətinə arıçılıqda damazlıq işinin təşkilində əsas problem sayılan “təcrid bölgələri”nin yaradılması daxil olacaq. Mərkəzin, eləcə də digər bölgələrdəki genefond arıxanalarının yaxınlığında zəhərli her­bi­sid­lərin istifadəsi qadağan olunacaq.

Yaxın gələcəkdə əsas hədəflərdən biri Mərkəzdə arı məhsullarının (bal, vərəmum, çiçək tozu, arı südü, arı zəhəri və s.) sertifikat­laş­dı­rıl­masını təmin etmək üçün həmin məhsulların keyfiyyət analizlərini, həmçinin arı xəstəliklərinin diaqnostikasını həyata keçir­mə­yə imkan verən laboratoriyaların yaradılması və müvafiq ava­dan­lıqlarla təmin edilməsi ilə bağlıdır.

Eyni zamanda, qarşıda duran hədəflərdən biri mərkəz tərəfindən respublikamızın torpaq-iqlim şəraitinə görə fərqlənən bir neçə iqtisadi-coğrafi zonasında - Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində genefond arı­xa­nalarının, damaz­lıq, həmçinin süni toxumlama mərkəzlərinin yaradılması ilə ölkənin illik üç yüz min ana arıya olan tələbatının ödənilməsində təminatçı olmaqdır.